XƏBƏRLƏR

Azərbaycan Brüsseldə keçirilən İEA Qlobal Enerji Səmərəliliyi Konfransında nailiyyətlərini təqdim edib

İYUN 13, 2025

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA) təşkil etdiyi 10-cu İllik Qlobal Enerji Səmərəliliyi Konfransında iştirak edib. Bu barədə Renewables.az Azərbaycan Energetika Nazirliyinə istinadən məlumat verir.

Nazir “Maarifləndirmədən Ambisiyaya və Fəaliyyətə” mövzusunda keçirilmiş yüksək səviyyəli paneldə və nazirlərin dəyirmi masasında çıxış edərək enerji səmərəliliyinin enerji təhlükəsizliyinin və qlobal iqlim hədəflərinin təmin olunmasındakı roluna dair fikirlərini bölüşüb, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasəti təqdim edib. O, enerji səmərəliliyinin inkişafı üçün investisiyaların cəlb edilməsinin, təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, bərpa olunan enerji və enerji səmərəliliyi — təmiz enerji keçidinin əsas dayaqları olaraq — Azərbaycanın müasir enerji siyasətinin və sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətləridir. O bildirib ki, Azərbaycanın yaşıl inkişaf və təmiz ətraf mühitə malik ölkə kimi formalaşması istiqamətində qısa müddət ərzində müasir qanunvericilik bazası və enerji səmərəliliyi fondu yaradılıb.

Pərviz Şahbazov vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaşıl enerji zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində nümunəvi enerji səmərəliliyi modeli tətbiq edilir. “Bu ərazilərdə sıfırdan qurulmuş ağıllı şəbəkələrlə yanaşı, qabaqcıl enerji səmərəliliyi standartları və rəqəmsal idarəetmə infrastrukturu tətbiq olunur. Burada 2030-cu ilədək ümumi gücü 1,6 GVt olan 90 bərpa olunan enerji stansiyasının inşası planlaşdırılır. Bu stansiyaların hesabına ildə 1 milyard kubmetrədək təbii qazın qənaət olunması və 2 milyon tondan çox istixana qazı emissiyasının azaldılması nəzərdə tutulur,” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, 2030-cu ilədək Azərbaycanda ümumi gücü 6,7 GVt olan yaşıl enerji layihələri həyata keçirilir. Bunlardan 2,7 GVt güc regional enerji sisteminə ixrac üçün, 4 GVt isə Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi vasitəsilə ötürüləcək. Bu layihələr sayəsində ölkənin enerji sistemində yaşıl enerjinin payının 38%-ə çatdırılması və 4,4 milyard kubmetr təbii qaz istehlakının qarşısının alınması planlaşdırılır.

Pərviz Şahbazov həmçinin qeyd edib ki, Azərbaycanın yaşıl enerji interkonnektorlarının yaradılması istiqamətində səyləri prioritet istiqamətlərdən biridir. Bu layihələr Azərbaycanın Avropanın enerji keçidində əsas yaşıl enerji təchizatçısına çevrilməsinə və Xəzər hövzəsi, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında enerji əlaqələrinin genişlənməsinə xidmət edəcək. “Enerji itkilərini azaltmaq, regional şəbəkələr arasında balans yaratmaq, bərpa olunan enerjinin payını artırmaq, istehsal və tələbatı optimallaşdırmaq, emissiyaları minimuma endirmək və enerji təhlükəsizliyini gücləndirmək məqsədilə həyata keçirilən bu təşəbbüslərlə Azərbaycan geniş regionda enerji səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verəcək,” – deyə nazir əlavə edib.

Konfransın sonunda Birgə Bəyanat qəbul olunub. Bəyanatda enerji səmərəliliyinin qlobal enerji keçidində əsas rol oynadığı vurğulanıb, bu sahədə irəliləyişə nail olmaq üçün güclü milli və beynəlxalq tədbirlərin əhəmiyyəti qeyd olunub. COP28-də müəyyən olunmuş 2030-cu ilədək qlobal enerji səmərəliliyini ikiqat artırmaq hədəfi və COP29-un nəticələri nəzərə alınaraq, texnoloji innovasiyalar, maliyyə əməkdaşlığı və sosial ədalətə əsaslanan yanaşmalarla daha təsirli addımların atılmasının vaxtının çatdığı bildirilir.

https://renewables.az/en/news/azerbaijan-s-green-energy-course-was-presented-at-the-iea-global-conference