Azərbaycan yaşıl enerji sahəsində üç mərhələli inkişaf strategiyasının ikinci mərhələsi çərçivəsində əlavə 10 yeni layihənin həyata keçirilməsinə hazırlaşır. Bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NE Global-a müsahibəsində məlumat verib. O, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək və regional enerji əlaqələrini gücləndirmək istiqamətində görülən işləri diqqətə çatdırıb.
“Azərbaycan yaşıl enerji keçidinə tam sadiqdir. Artıq 2027-ci ilədək yekunlaşdırılacaq 10 yaşıl enerji layihəmiz var. Bu layihələr növbəti iki il ərzində 2 QVt yaşıl enerji gücünün istifadəyə verilməsini təmin edəcək və bu məqsədlə 2,7 milyard ABŞ dolları həcmində xarici birbaşa investisiya cəlb olunacaq,” – deyə Zeynalov bildirib.
Nazir müavini qeyd edib ki, bərpa olunan enerjinin payının artması ilə enerji şəbəkəsinin sabitliyini təmin etmək məqsədilə batareya sistemlərinə də sərmayə yatırılır. “Yeni enerji həcmlərinin balanslaşdırılması üçün əlavə 250 MVt gücündə batareya sistemləri planlaşdırırıq. 2027-ci ildən sonra ikinci mərhələ çərçivəsində daha 10 layihə – dənizdə külək, quruda külək və günəş enerjisi layihələri həyata keçiriləcək. Bununla biz 2030-cu ilədək əlavə 6 QVt-dan çox yaşıl enerji gücü istifadəyə verəcəyik. Bu gücün 4 QVt hissəsi, əsasən dəniz külək elektrik stansiyalarından, ixrac üçün nəzərdə tutulacaq,” – deyə Zeynalov vurğulayıb.
Azərbaycan–Türkiyə yaşıl enerji dəhlizi layihəsinə toxunan Zeynalov bildirib ki, dəhliz Naxçıvan Muxtar Respublikasından başlanacaq. “Boston Consulting Group (BCG) tərəfindən aparılan texniki-iqtisadi əsaslandırma artıq tamamlanıb və yekun hesabat hökumətə təqdim edilib. Layihənin iki komponenti var. Birinci komponent Naxçıvanda yaşıl enerji zonası yaradılmasını nəzərdə tutur ki, burada əsas enerji mənbəyi yüksək günəş radiasiyası səbəbindən günəş enerjisi olacaq, həmçinin müəyyən külək potensialı da mövcuddur. İkinci komponent isə Türkiyəyə enerji ötürülməsi üçün interkonnektorun yaradılmasıdır və burada 0,5 QVt, 1 QVt, 1,5 QVt və 3 QVt ixrac imkanları nəzərdən keçirilib.”
Zeynalov əlavə edib ki, layihə çərçivəsində yüksək gərginlikli birbaşa cərəyan (HVDC) texnologiyasının tətbiqi nəzərdən keçirilir və bu məsələ Azərbaycan və Türkiyə arasında birgə işçi qrupunda müzakirə ediləcək. “Bu layihə strateji baxımdan çox önəmlidir və burada iki əsas marşrut nəzərdən tutulub: birbaşa Naxçıvandan Türkiyəyə ixrac və alternativ olaraq Azərbaycanın əsas hissəsindəki Cəbrayıl qovşağından Zəngəzur üzərindən Naxçıvana və oradan Türkiyəyə enerji ötürülməsi. Hər iki variant BCG hesabatında qiymətləndirilib,” – deyə nazir müavini əlavə edib.
Azərbaycanın yaşıl enerji sahəsində davam edən təşəbbüsləri və transsərhəd enerji əlaqələrinin inkişafı ölkənin regionda dayanıqlı enerji üzrə lider mövqeyini gücləndirmək istiqamətində səylərini nümayiş etdirir.
https://report.az/en/energy/azerbaijan-to-implement-10-new-green-energy-projects-after-2027/