Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) yaşıl enerji sahəsində qarşıya qoyduğu məqsədlərə çatmaq üçün Türkiyə və Azərbaycanın təcrübə və dəstəyini əsas amillərdən biri kimi görür. Bu barədə ölkənin iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu Report saytına açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, Şimali Kipr bərpa olunan enerji potensialını inkişaf etdirmək istiqamətində güclü iradə nümayiş etdirir. “Hazırda enerji bazamız 594 meqavat təşkil edir, bunun 120 meqavatı günəş enerjisinin payına düşür. Adanın coğrafi mövqeyi – ildə 333 gün günəşli hava və 2,400 saatlıq günəş enerjisi potensialı – bizə bu keçiddə böyük üstünlük verir,” – deyə Amcaoğlu qeyd edib.
Nazirin sözlərinə görə, yaşıl enerji keçidi hökumətin əsas prioritetlərindən biridir. “Türkiyə artıq enerji istehsalının 55%-dən çoxunu bərpa olunan mənbələr hesabına təmin edir və biz Azərbaycanın bu sahədəki uğurlarını diqqətlə izləyirik. Məqsədimiz 2030-cu ilədək tam yaşıl enerji əsaslı ada modeli qurmaqdır,” – deyə o bildirib.
Amcaoğlu əlavə edib ki, Türkiyə və Azərbaycanın bərpa olunan enerji sahəsindəki təcrübəsi Şimali Kipr üçün dəyərli resursdur. “Azərbaycanın yaşıl enerji sahəsində zəngin təcrübəsi və informasiya bazası bizim üçün böyük maraq doğurur və bu təcrübəni diqqətlə izləyirik. Gələcəkdə bu mövzunu təşkilati görüşlərdə, xüsusilə Türk Enerji Təşkilatı çərçivəsində keçirilən nazirlər səviyyəsində müzakirələrin ön sıralarına çıxarmağı planlaşdırırıq,” – deyə nazir qeyd edib.
O həmçinin vurğulayıb ki, Şimali Kipr regionda enerji əməkdaşlığında daha fəal iştirak üçün konkret addımlar atmağa hazırdır. “Ölkəmizin Türk enerji icmasında aparıcı oyunçulardan birinə çevrilməsi üçün praktik təşəbbüslərin irəlilədilməsinə hazırıq,” – deyə Amcaoğlu sözlərini tamamlayıb.
https://renewables.az/en/news/northern-cyprus-considers-azerbaijan-s-support-important-for-creating-a-green-energy-based-island-model